Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin (GİN) dəstəyi ilə Su İdmanı Sarayında keçirilən mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, ASF-nin prezidenti Zaur Əliyev və Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Hüseyn Əl-Müsəlləm çıxış ediblər.
Tədbir zamanı “World Aquatics” Fondu tərəfindən Azərbaycan Respublikasına Ətraf Mühit Mükafatı təqdim olunub. Mükafat ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılova təqdim edilib.
Çıxışlardan sonra Azərbaycanın Dövlət Himni səsləndirilib. Tədbir bədii proqramla davam edib.
Musiqili çıxışın müşayiəti ilə təqdim olunan ilk səhnədə vaxtilə Şərqlə Qərbi, müxtəlif xalqları və mədəniyyətləri birləşdirən Böyük İpək Yolunun bu gün idman vasitəsilə birlik rəmzinə çevrildiyi vurğulanıb.
İpək parçaların səhnə boyu hərəkəti gecəyə xüsusi rəng qatıb. Bədii gimnastların ifasında lent və parçalarla nümayiş etdirilən kompozisiya şounun vizual zənginliyini daha da artırıb. İpək parçalar, rəngarəng örtüklər və milli atributlar vasitəsilə qədim ticarət yollarının ab-havası, eləcə də müxtəlif xalqların və mədəniyyətlərin qarşılıqlı əlaqəsi canlandırılıb.
Tamaşanın Azərbaycan hissəsində ölkəmizin milli ənənələri, musiqisi və mədəni irsi nümayiş olunub. Kəlağayı, qaval və nağara kimi ənənəvi milli atributlardan istifadə edilməklə təqdim olunan rəqs kompozisiyası tamaşaya xüsusi rəng qatıb.
Bədii hissə Azərbaycanın milli rəqsi “Yallı” ilə başa çatıb. Birliyin, həmrəyliyin və ümumi gücün rəmzi olan rəqs bütün iştirakçıları vahid səhnədə bir araya gətirib.
Açılış mərasiminin ardınca üzgüçülük üzrə “İpək Yolu” (The Silk Road Tour) Dünya Kubokununilk yarış gününün axşam seansı start götürüb.
Qeyd edək ki, Dünya Kuboku 1-3 oktyabr tarixlərində 44 ölkədən 216 idmançının iştirakıyla Bakı Su İdmanı Sarayında keçirilir. Biletləri iTicket.az platformasında və şəhərin kassalarında əldə etmək mümkündür.
Mötəbər yarışda Azərbaycanı 15 üzgüçü təmsil edir. Milli komandanın heyətində Amin Oruclu, Abdurrəhman Rüstəmov, Anastasiya Boborıkina, Anastasiya Qnusina, Fatimə Alkərəmova, Fərhad Şirməmmədli, Mehri Abdurəhmanlı, Məryəm Cavadova, Oqtay Hüseynov, Ramil Vəlizadə, Ramal Sadıqlı, Səid Həmidov, Süleyman İsmayılzadə, Vlastilina Xasyanova və Yeqor Maynitski yer alır. Baş məşqçi – Luka Qabrilo, məşqçilər – Ruslan Hətəmxanov, Rəşad Əliyev, Teymur Quliyev.
ASF-nin tərəfdaşları: Botanica Residence, RCT, Universal Hospital, Bənövşə Aptek, Haval, Volvo, Maserati.























Comments are closed