Bakı şəhəri açıq suda üzgüçülük üzrə mötəbər OCEANMAN beynəlxalq yarışına ev sahibliyi edəcək.
Turnir “Caspian Aqua Challenge” (CAC) şirkətinin təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi (GİN) və Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) dəstəyi ilə 2027-ci ilin sentyabr ayında baş tutacaq. Yarışlar “Sea Breeze” ərazisində keçiriləcək və müxtəlif ölkələrdən olan idmançıları, üzgüçülük həvəskarlarını bir araya gətirəcək.
Layihəyə hazırlığın başlanmasına həsr olunmuş təqdimat mərasimi və mətbuat konfransı keçirilib. Tədbirdə GİN-in İdman şöbəsinin rəhbəri Elnur Məmmədov, ASF-nin vitse-prezidenti Jalə Əhmədova və baş katibi Oqtay Atayev, OCEANMAN-in təsisçisi Fermin Egido, CAC-nin direktoru Səbinə Məmmədova, eləcə də “OCEANMAN Azerbaijan”ın yarış direktoru Boris Nəcəfov və səfiri Bartolomeo Kubkovski iştirak ediblər.
Turnirə hazırlıq çərçivəsində 27 oktyabr tarixində Cəbəllütariq boğazını üzərək keçən ilk azərbaycanlı olan Boris Nəcəfov və polşalı ultramarafonçu Bartolomey Kubkovski GİN və Fövqəladə Hallar Nazirliyinin (FHN) dəstəyi ilə “Sea Breeze”də, “The Grand” otelinin qarşısında 10 kilometrlik üzmə həyata keçiriblər, yarış üçün nəzərdə tutulan marşrut yoxlanılıb.
“OCEANMAN Azerbaijan – Sea Breeze 2027” proqramına bir neçə məsafə üzrə yarışlar daxildir:
- OCEANMAN — 10 kilometr
- HALF OCEANMAN — 5 kilometr
- SPRINT — 2 kilometr
- OCEANKIDS — uşaqlar üçün üzgüçülük yarışı
- OCEANTEAMS — komanda estafeti
- OCEANMAN INSPIRATION — inkişaf xüsusiyyətləri olan uşaqlar üçün xeyriyyə üzgüçülük yarışı
“OCEANMAN Azerbaijan” yarışlarının keçirilməsi Xəzər dənizini xarici üzgüçülük ictimaiyyətinə tanıtmaq, ölkədə beynəlxalq tədbirlərin coğrafiyasını genişləndirmək və Azərbaycanın dünya idman xəritəsindəki mövqeyini gücləndirmək üçün yeni imkanlar yaradacaq.





















Comments are closed