Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov “World Aquatics”in prezidenti Hüseyn Əl-Müsəlləm ilə görüşüb. Görüşdə gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev iştirak ediblər.
Görüş zamanı Bakıda ilk dəfə keçiriləcək üzgüçülük üzrə Dünya Kubokunun əhəmiyyəti vurğulanıb. Yarışın Azərbaycanın beynəlxalq idman nüfuzunun daha da möhkəmlənməsinə və ölkəmizdə üzgüçülük idman növünün təşviqinə töhfə verəcəyi qeyd olunub.
“World Aquatics”in prezidenti Hüseyn Əl-Müsəlləm Bakıya məhz üzgüçülük üzrə Dünya Kuboku ilə əlaqədar səfər edib.
Qeyd edək ki, üzgüçülük üzrə “İpək Yolu” (The Silk Road Tour) Dünya Kuboku 1-3 oktyabr tarixlərində Bakı Su İdmanı Sarayında keçirilir. Yarışda 44 ölkədən 216 idmançı iştirak edəcək. Biletləri iTicket.az platformasında və şəhərin kassalarında əldə etmək mümkündür.
Bu mötəbər yarışda Azərbaycanı 15 üzgüçü təmsil edəcək. Milli komandanın heyətində Amin Oruclu, Abdurrəhman Rüstəmov, Anastasiya Boborıkina, Anastasiya Qnusina, Fatimə Alkərəmova, Fərhad Şirməmmədli, Mehri Abdurəhmanlı, Məryəm Cavadova, Oqtay Hüseynov, Ramil Vəlizadə, Ramal Sadiqli, Səid Həmidov, Süleyman İsmayılzadə, Vlastilina Xasyanova və Yeqor Maynitski yer alır.
ASF-nin tərəfdaşları: Botanica Residence | Kensington | RCT | Universal Hospital | Bənövşə Aptek | Haval | Volvo | Maserati | Pakelo | LedAz | Turka MMC | Mobitruck.az




Comments are closed