Bakıda keçirilən Avropa Su İdmanı Federasiyasının (“European Aquatics”) Konqresi çərçivəsində “Waves of Change – DEI & I” (Dəyişiklik Dalğaları: müxtəliflik, bərabərlik, inklüzivlik və dürüstlük) mövzusunda konfrans təşkil edilib.
Tədbir sadalanan prinsiplərinin su idmanı və ümumilikdə idmanda inkişaf etdirilməsi məsələlərinə həsr olunub. Konfransda milli federasiyaların nümayəndələri, beynəlxalq ekspertlər və idman ictimaiyyətinin üzvləri bir araya gəliblər.
Əsas məqsəd milli federasiyalarda “DEI & I” yanaşmasının tətbiqinin gücləndirilməsi, təhlükəsiz və inklüziv idman mühitinin yaradılması, eləcə də bu istiqamətdə uğurlu təcrübələrin və praktik yanaşmaların paylaşılması olub.
Konfrans çərçivəsində müxtəlif sessiyalar təşkil olunub. Sessiyalarda təhlükəsiz və inklüziv idman mühitinin formalaşdırılması, idmançıların hüquqları, kimliyi və rifahı, həmçinin idmanda dürüstlük prinsiplərinin qorunması məsələləri müzakirə edilib.
Açılış mərasimində EA-nın prezidenti Antonio Silva, baş katibi Noam Tsvi, Büro üzvü Qrem Marçbank, ASF-nin vitse-prezidenti Jalə Əhmədova və baş katibi Oqtay Atayev çıxış ediblər.
Konfransın təşkilinə görə ASF-yə təşəkkürünü bildirən EA-nın prezidenti Antonio Silva iştirakçıları fəal müzakirələr aparmağa, təcrübə mübadiləsi etməyə və əldə olunan nəticələri təmsil etdikləri federasiyaların fəaliyyətində tətbiq etməyə çağırıb.
EA-nın baş katibi Noam Tsvi son illərdə müxtəliflik və inklüzivlik sahəsində əldə olunan irəliləyişlərdən danışıb.
EA-nın Büro üzvü Qrem Marçbank idmançılar, məşqçilər, hakimlər və idman idarəçiliyi sahəsində bərabər imkanların təmin edilməsinin vacibliyini vurğulayıb.
Çıxışı zamanı ASF-nin vitse-prezidenti Jalə Əhmədova qeyd edib ki, idman meydanında insanın milliyyəti, cinsi, fiziki imkanları və sosial mənsubiyyəti deyil, onun əzmi, bacarığı və zəhməti ön planda olmalıdır. Jalə Əhmədova əlavə edib ki, şəffaf idarəetmə, ayrı-seçkiliyə qarşı mübarizə, idmançıların hüquqlarının, ləyaqətinin və təhlükəsizliyinin qorunmasını hamımızın ortaq dəyəridir.
ASF-nin baş katibi Oqtay Atayev isə Bakının 2026-cı ildə bir sıra mötəbər idman tədbirlərinə ev sahibliyi etdiyini vurğulayıb. Oqtay Atayev idmanın yalnız medallar uğrunda mübarizədən ibarət olmadığını, eyni zamanda inklüzivlik, bərabərlik və insanları bir araya gətirən universal dəyərləri özündə birləşdirdiyini qeyd edib.
Konfransın davamında Çexiya, İsveç, İspaniya və Böyük Britaniyanın üzgüçülük federasiyalarının nümayəndələri öz təcrübə və yanaşmalarını bölüşüblər.
Həmçinin tədbirdə paralimpiyaçı Könül Süleymanova da çıxış edib. O, bildirib ki, idman fiziki məhdudiyyətli insanların öz potensiallarını üzə çıxarmalarına, fiziki və mənəvi cəhətdən güclənmələrinə, özünəinam qazanmalarına və cəmiyyətə daha fəal inteqrasiya olunmalarına şərait yaradır.Qeyd edək ki, “European Aquatics Congress” oktyabrın 8-dən 10-dək Bakıda keçirilir. Dünən Konqres çərçivəsində ilk 2 tədbir baş tutub. Əvvəlcə EA Bürosunun toplantısı keçirilib, daha sonra milli federasiyaların nümayəndələrinin iştirakı ilə təcrübə və bilik mübadiləsi sessiyası təşkil olunub. Əsas tədbirin sabah baş tutması nəzərdə tutulur.
WA Dünya Kubokunun ardınca ASF və EA-in təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman nazirliyinin dəstəyi ilə 2026-cı ilin “Dünya İdman Paytaxtı” olan Bakıda Avropa su idmanı ailəsi üçün olduqca mühüm və mötəbər tədbirin keçirilməsi ölkəmizin beynəlxalq idman mövqeyinin daha da möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır.



















Comments are closed