Bakıda keçirilən “European Aquatics” (Avropa Su İdmanı Federasiyası) Konqresi çərçivəsində proqrama daxil olan ilk iki mühüm tədbir uğurla baş tutub. Tədbirin açılışı olaraq öncə European Aquatics (EA) Bürosunun iclası keçirilib, ardınca isə müxtəlif ölkələrin milli federasiya nümayəndələrinin iştirakı ilə geniş tərkibli təcrübə və bilik mübadiləsi sessiyası təşkil olunub.
Təcrübə mübadiləsi sessiyası çərçivəsində Avropada üzgüçülük və digər su idman növlərinin hərtərəfli inkişafı, milli federasiyaların fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi, birgə layihələrin həyata keçirilməsi, idmanda müasir innovasiyaların tətbiqi və gələcək əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb. Görüş iştirakçıları yeni ideyaları bölüşmək, habelə müxtəlif ölkələrin su idmanı sahəsində əldə etdiyi uğurlu təcrübələr və tətbiq etdiyi innovativ yanaşmalarla yaxından tanış olmaq imkanı əldə ediblər.
Sessiya zamanı milli federasiyaların qarşılaşdığı aktual məsələlər, su idmanının inkişafı üçün yeni yanaşmalar və federasiyalar arasında əməkdaşlığın daha da genişləndirilməsi imkanları diqqət mərkəzində olub. Təcrübə və bilik mübadiləsinin müxtəlif ölkələrin nümayəndələri arasında qarşılıqlı əlaqələrin gücləndirilməsinə, uğurlu təcrübələrin paylaşılmasına və gələcəkdə birgə təşəbbüslərin reallaşdırılmasına imkan yaratdığı vurğulanıb.
Eyni zamanda, belə görüşlərin su idmanının müxtəlif istiqamətləri üzrə dayanıqlı inkişafın təmin edilməsi, idmançıların, məşqçilərin və mütəxəssislərin inkişafı, eləcə də beynəlxalq təcrübənin milli səviyyədə tətbiqi baxımından mühüm əhəmiyyət daşıdığı qeyd olunub. İştirakçılar arasında aparılan müzakirələr Avropada su idmanının gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi və yeni əməkdaşlıq formatlarının formalaşdırılması baxımından da əhəmiyyətli olub.
Üzgüçülük üzrə Dünya Kuboku (WA World Cup) yarışının ardınca Azərbaycan Üzgüçülük Federasiyası (ASF) və EA-in təşkilatçılığı, eləcə də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin (GİN) dəstəyi ilə keçirilən bu tədbir böyük əhəmiyyət kəsb edir. 2026-cı ilin “Dünya İdman Paytaxtı” seçilən Bakı şəhərində Avropa su idmanı ailəsi üçün belə mötəbər və genişmiqyaslı tədbirin təşkili ölkəmizin beynəlxalq idman arenasındakı mövqeyinin daha da möhkəmlənməsinə xüsusi töhfə verir.
EA Konqresinin Azərbaycanda keçirilməsi həmçinin su idmanının müxtəlif növləri üzrə beynəlxalq təcrübənin ölkəmizdə daha geniş şəkildə öyrənilməsi və tətbiqinə, yeni əlaqələrin qurulmasına və mövcud əməkdaşlıqların inkişaf etdirilməsinə şərait yaradır. Qarşıdakı günlərdə Konqres proqramı çərçivəsində müxtəlif görüş və tədbirlərin keçirilməsi nəzərdə tutulur.




















Comments are closed