Azərbaycan üzgüçüləri Gənclərin Avropa çempionatından vətənə dönüblər (FOTO).

5-10 iyul tarixlərində Rumıniyanın paytaxtı Buxarest şəhərində üzgüçülük üzrə Gənclərin Avropa çempionatına qatılan milli komanda dünən axşam saatlarında vətənə dönüb. Bu yarışda Azərbaycanı 3 idmançımız, Ramil Vəlizadə, Rəşad Alquliyev və Əbdürrəhman Rüstəmov təmsil edirdi.

Bu barədə məlumatı Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov verib. Onun sözlərinə görə Gənclərin Avropa Çempionatında Ramil Vəlizadə 200 metr batterflyay üsulunda 35 idmançı arasında bürünc medal qazanıb. Bu gün Heydər Əliyev adına Beynəlxalq Aeroportunda milli komandanı Azərbaycan Gənclər və İdman Nazirliyinin rəsmiləri, Azərbaycan Üzgüçülük Federasiyasının rəhbərliyi, idmançıların yaxınları və idmansevərlər qarşılayıblar. Azərbaycan üzgüçülük tarixində bir ilkə imza ataraq Avropa çempionatında bürünc medal qazanan Ramil Vəlizadə isti qarşılanmaya görə hər kəsə öz minnətdarlığını bildirib:

“Mən çox sevinirəm ki, belə bir vacib turnirdə 3-cü yer qazanaraq bürünc medal qazana bildim. Bu qələbə uzun illərdir məşqçilərimin və mənim birgə gərgin çalışmalarımızın nəticəsidir. Biz idmançılara göstərdiyi diqqətə və yaradılan münbit şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə, 1-ci vitse prezident Mehriban xanım Əliyevaya, başda Fərid Qayıbov olmaqla Gənclər və İdman Nazirliyinə, başda Xanlar Fətiyev olmaqla Azərbaycan Üzgüçülük Federasiyasına öz minnətdarlığımı bildirirəm. Söz verirəm ki, bundan sonra da var gücümüzlə çalışaraq beynəlxalq arenada Azərbaycanın bayrağını yüksəklərə qaldırmağa çalışacam ” deyə Ramil Vəlizadə əlavə edib.



Menyu
menyu