Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti beynəlxalq mükafat aldı.
Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti Mark Koqanova Beynəlxalq Üzgüçülük Şöhrət Zalının (ISHOF) Su İdmanı Mükafatı təqdim olunub. Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə qurum hər il su idmanının inkişafına böyük töhfələr verən şəxsləri və ya təşkilatları mükafatlandırır. 2023-cü ilin elan olunan qaliblər sırasında rəqabətli üzgüçülük üzrə Mike Unger, Dalğıc idman növü üzrə Ellie Smart, bədii-sinxron üzgüçülük üzrə Maria José Bilbao Brunel, Su təhlükəsizliyi üzrə Cullen Jones və istirahət üçün üzgüçülük üzrə Sophia Forte ilə yanaşı Su Polosu üzrə Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti Mark Koqanov da var. Mükafatların təqdim etmə mərasimi ABŞ-ın Florida ştatının Fort Lauderdeyl şəhərində ISHOF Honoree Induction qərərgahında baş tutub.
Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti Mark Koqanov su polosu karyerasına 1982-1990-cı illərdə idmançı kimi və Azərbaycan milli komandasının tərkibində başlayıb. Daha sonra o, su polosu hakimi olub və 1998-ci ildən bu günə qədər o, altı NCAA kişi və qadın finalı da daxil olmaqla, 300-ə yaxın beynəlxalq oyun, ABŞ-ın müxtəlif konfranslarında 1500-dən çox kollegial oyuna hakimlik edib. Koqanov su idman növləri üzrə çoxsaylı vəzifələrdə, o cümlədən su polosu yarışlarının direktoru, su yarışlarının meneceri, həmçinin bu idman növündə inzibati vəzifələrdə çalışıb. O, hazırda Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidentidir və bu vəzifəni 2012-ci ildən icra edir, həmçinin 2016-cı ildə başladığı vəzifədə LEN TWPC-nin (Avropa Su İdmanı Federasiyası) üzvüdür və həmçinin 2017 - 2022-ci illərdə FINA Su Polosu Texniki Komitəsinin sədr müavini olub.