Üzgüçümüz Ramil Vəlizadə Yekaterinburqda keçirilən Beynəlxalq Universitet İdman Festivalında gümüş medal qazandı.
Yekaterinburqda keçirilən Beynəlxalq Universitet İdman Festivalında üzgüçümüz Ramil Vəlizadə gümüş medal qazanıb. Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə 37 ölkənın üzgüçülərinin də qatıldığı turnirdə həmyerlimiz 200 metr butterfly üsulunda üzmədə təkcə Rusiya idmançısı Böyük Pyotr adına Sankt-Peterburq Politexnik Universitetinin tələbəsi Roman Şevlyakovdan geri qalaraq ikinci yerə sahib olub. Bu üsulda üçüncü yeri Rusiyanın Ural Dövlət Universitetinin tələbəsi Dmitri Noviçkov tutub.
Azərbaycanın Üzgüçülük üzrə milli komandasının baş məşqçisi Rəşad Əbdürrəhmanovun açıqlamasına görə bu il Yekaterinburqda keçirilən Beynəlxalq Universitet İdman Festivalının qaydalarında olunan dəyişikliyə əsasən turnirə Rusiyadan qatılan idmançıların sayı həddən artıq çox olub:
“Əvvəlki universiadalarda hər ölkədən idman növləri üzrə yalnız iki üzgüçünün qatılmasına icazə verilirdi. Bu il bu qayda dəyişdirilərək hər universitetdən iki idmançının qatılması qərara alınıb. Bu isə Rusiyada daha çox idmançının yarışlarda iştirakı deməkdir. Odur ki, bu il Beynəlxalq Universitet İdman Festivalında mübarizə çox gərgin idi. Ramil Vəlizadə belə bir çətin mübarizə şəraitində gümüş medal qazana bildi. Digər üzgüçümüz Fatimə Alkərəmova isə iki dəfə finala vəsiqə qazana bilsədə təəsüf ki, ilk üçlükdə yer ala bilməyib” deyə millinin baş məşqçisi əlavə edib.