Bakı Su İdmanı Sarayında Bakı və Sumqayıt idmaçıları arasında üzgüçülük idman növü üzrə birincilik keçirilib

Dünən Bakı Su İdmanı Sarayında Bakı və Sumqayıt idmaçıları arasında üzgüçülük idman növü üzrə birincilik keçirilib. Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətinin məlumatına görə birincilikdə 2008-2012-ci il təvəllüdlü idmançılar öz güclərini sınayıblar. 150-ə yaxın üzgüçünün qatıldığı birincilikdə 400 metr kompleks üzmədən başqa bütün olimpiya məsafələrində yarışlar keçirilib. 

İdmançılar arasında yüksək nəticələr göstərən üzgüçülər milli komandaya namizədlər siyahısına salınıb. Üzgüçülük üzrə Milli komandanın baş məşqçısı Rəşad Əbdürrəhmanovun sözlərinə görə yarışlar çox yüksək səviyyədə təşkil olunub. Bu yarışlarda məşqçilər korpusu ən perspektivli idmançıları nəzərdən keçiriblər:

“Bu kimi yarışların təşkili çox vacibdir. Belə birinciliklərdə xüsusi qabiliyyəti və bacarığı olan idmanşıların aşkar edilməsi və gələcəkdə onların milli komandanın tərkibinə salınması üçün planlı işlərin aparılmasına şərait var. Hesab edirəm ki, bu yarışlarda xeyli sayda öz nəticələri ilə məşqçilər korpusunun diqqətini çəkən üzgüçülər oldu. Gələcəkdə həmin idmançılarla işlərimizi davam etdirməyi nəzərdə tuturuq” deyə R.Əbdürrəhmanov əlavə edib. 

Qeyd edək ki, Azərbaycan Üzgüçülük Federasiyasının və Bakı Su İdmanı Sarayının birgə təşkilatçılığı ilə keçirilən birincilikdə qaliblər diplomlar və medallarla təltif olunublar.



Menyu
menyu