Gənc üzgüçülərimiz Gənclər və idman nazirinə uğurları barədə danışdılar.
Bu günlərdə Gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları və onların məşqçiləri ilə görüşüb. İdman Akademiyasında təşkil edilən görüş Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb. Ay ərzində beynəlxalq yarışlarda qazanılmış uğurları əks etdirən videoçarx nümayiş olunub. Ardınca Fərid Qayıbov Olimpiya Oyunlarında qazanılan nəticələr münasibətilə idmançıları təbrik edib: "İdmançılarımızın Olimpiya Oyunlarında qazandıqları nəticələr bizi qürurlandırdı, 2 qızıl medal bizim üçün yaxşı nəticədir. İdmançılarımızı bu uğurlu nəticə münasibətilə təbrik edirəm". Daha sonra Olimpiya Oyunlarının boks üzrə gümüş medalçısı Alfonso Dominqes çıxış edərək bütün idmançılara yeni qalibiyyətlər arzulayıb. “Azərbaycan Respublikasının Əməkdar məşqçisi” və “Azərbaycan Respublikasının Fəxri bədən tərbiyəsi və idman işçisi" dərəcələrinə layiq görülmüş bəzi idman mütəxəssislərinə müvafiq vəsiqə və döş nişanları təqdim edilib.
Tədbirdə müxtəlif idman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər, yığma komandaların məşqçiləri idmançıların məşq prosesi, yarışlarda iştirakı və qarşıdakı turnirlərə hazırlığı haqda danışıblar.
Görüşün sonunda Gənclər və idman Naziri Fərid Qayıbov Üzgüçülük idman növü üzrə bir sıra beynəlxalq yarışlarda yüksək nəticələr göstərən Süleyman İsmayılzadə və Oqtay Hüseynovla da görüşüb. Səmimi söhbət zamanı nazir idmançılarla yarışlar və hazırlıqlar barədə söhbət edib, onlara gələcək yarışlarda uğurlar arzu edib.