Dünyaşöhrətli səyyahlar və iki üzgüçümüz ilk dəfə Xəzər dənizini üzərək keçiblər
“Qoliat” ekspedisiyasını Xəzər dənizində davam etdirmək qərarına gələn tanınmış səyyahlar - Karl Buşbi və Anjela Maksvel Qazaxıstandan Azərbaycana Xəzər dənizini üzərək keçiblər.
Gənclər və İdman Nazirliyinin və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin dəstəyi və təşkilatçılığı ilə keçirilən dəniz səyahəti Qazaxıstanın Aktau şəhəri yaxınlığındakı sahildən başlayıb. Hər iki səyyah Azərbaycana çatmaq üçün 32 gün ərzində 288 kilometr məsafəni ümumilikdə 132 saat üzərək qət edib.
Səyahət zamanı onlarla iki gənc idmançımız - Azərbaycan Üzgüçülük Federasiyasının 15 qat respublika çempionları Anastasiya Boborkina və Əbdürrəhman Rüstəmov da birgə üzüblər.
Səyyahları Bakıda gənclər və idman nazirinin müavini Mariana Vasileva, Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti Tamerlan Abdullazadə, idmançılar və ailə üzvləri qarşılayıblar.
Britaniyalı Karl Buşbi və amerikalı Anjela Maksvel dünyanın dörd tərəfini kəşf etməkdə olan tanınmış iki macəraçıdır. Karl Buşbi bu missiyaya hələ 1998-ci ilin noyabrında 38 min kilometrlik məsafəni qət etməklə başlayıb. Həmkarı Anjela Maksvel son 7 il ərzində 4 qitədə - 14 ölkədə olub, susuz səhraları, qarlı dağları gəzərək ümumilikdə 32 min 186 kilometr məsafə qət edib.